“Boris Consonun istefası, Mühafizəkarlar Partiyasına yeni liderin və nəticə olaraq da Böyük Britaniyaya yeni baş nazirin seçilməsi bu ölkənin Rusiyaya qarşı siyasətini kökündən dəyişməyəcək. Amma bütün Qərb ölkələrinə dərs olacaq ki, öz səhv, yanlış siyasətlərini Rusiyanın “ayılığı”, vəhşiliyi və aqressiyası ilə ört-basdır etməsinlər”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, son illərdə Qərbdəki lider böhranı, “COVID-faşizm” kimi yeni fenomen, məntiqsiz qapanmalar, iqtisadiyyatın göz görə-görə çökdürülməsi, dünyaya 17 trilyon dollar pul səpilməsi bəşəriyyəti yeni, daha böyük iqtisadi durğunluqla üz-üzə qoyub:
“Artıq pul çapı ilə bu böhrandan çıxmaq mümkün olmayacaq, mütləq uduzanlar, bankrot olan şirkətlər, ölkələr, insanlar olacaq. Yeni böhran dalğası Qərb iqtisadi modelini də sual altına qoyur. Çünki son illər Qərb dəyərlərinə, rəqabətə, hüquqa, məntiqə, biznes təfəkkürünə, tələb-təklif qaydalarına söykənən işlək bir modeli bəzi çevrələr, özü də “kommunist-faşist” təşəkkürlü, amma özünü nədənsə “liberal” adlandıranlar darmadağın etdilər. Orta sinfə qarşı “Səlib yürüşü” başlandı, böyüməyi təşviq edən “istehlak modeli” dağıdıldı, ağılla, strateji baxışla görülməli olan işlər mənasızca sürətləndirildi. Nəticədə Rusiya və Çin kimi ölkələr gücləndi, Qərb isə yeni model axtarışında yolunu azdı.

Cəmi 15 il öncə Almaniya kimi ağıllı sistemi, cəmiyyəti olan ölkə məntiqsizcə, populistcə “yaşıl, bərpaolunan enerji” keçidinə getməklə atom elektrik stansiyalarını bağladılar. Halbuki AES-lər ekoloji ziyanlı deyil, necə ki, bu ilin əvvəli Avropa Birliyi atom enerjisini “yaşıl” siyahıya saldı, amma gec oldu, Almaniya Rusiya qazı və neftindən o qədər asılı vəziyyətə düşdü ki, indi tərpənə bilmir. Rusiya isə bu mövzunu qəsdən gündəmdə saxladı. Avropanın “yaşıllarına” və “millətçilərinə” açıq-gizli maddi dəstək göstərdi, pul buraxdı ki, bu mövzu aktuallaşsın, Avropanın Rusiyadan asılılığı artsın. İndi də Qərb Rusiyanın neft-qazına məhdudiyyətlər qoyur, nəticədə öz ölkələrində qiymətlər artır, inflyasiya partlayır, əhali narazı qalır”.
Natiq Cəfərli hesab edir ki, bu gün Rusiyanın taktikası və strategiyası böhranı dərinləşdirərək Avropa və ABŞ-ı daha pis vəziyyətə salmaqdır:
“Qərbin ən güclü yeri də, ən zəif nöqtəsi də eynidir – demokratiya və seçki. Əhalinin vəziyyəti pisləşdikcə seçkilərdə anti-rusiya partiyaları uduzmağa başlayacaq, Putinin isə belə dərdi yoxdur. Bir sözlə, Conson məsələsi maraqlı və dərs çıxarılmalı mövzudur”.