Fransada prezident seçkilərə az qalmış sağçı namizəd Marin Le Penin yaxın ətrafı hicab qadağası ilə bağlı ritorikasını yumşaldıb.

Teleqraf.com xəbər verir ki, Le Penin lideri olduğu Xalq Cəbhəsi Partiyasının nümayəndələri seçkilərə bir həftə qalmış Fransa siyasətində son illərdə əsas müzakirələrdən biri olan hicab qadağası ilə bağlı ritorikalarını dəyişiblər.

Perpinyanın radikal sağçı meri və Le Penin keçmiş həyat yoldaşı Luis Eliot hicab qadağasının islamçılıqla mübarizə üçün bir sıra siyasi vasitələrdən biri olduğunu, amma bunun tədricən tətbiq edilməli olduğunu bildirib.

Qadağaların ilk növbədə dövlət xidmətlərində tətbiq edilməli olduğunu deyən Eliot parlamentdə müzakirələrdən sonra qərarın verilə biləcəyini vurğulayıb.

Le Penə yaxın olan başqa bir şəxs, Freyyus şəhərinin meri David Raşlin də mövqeyini yumşaldaraq, “Biz insanlara hücum etmək istəmirik. Hicablı qadınların hamısı islamçı deyil” deyib.

Bundan əvvəl hicabın insanın dini inancının əlaməti olaraq görülə bilməyəcəyini deyən Le Pen, hicabın ictimai yerlərdə qadağan edilməsi lazım olan “İslam uniforması” olduğunu bildirib.

Le Penin rəqibi Prezident Emmanuel Makronun ötən həftə seçki kampaniyası zamanı bir qadın könüllü olaraq hicab taxdığını və özünü feminist hesab etdiyini bildirib. Makron qadına “Bu, bütün cəfəngiyyatlara ən yaxşı cavabdır” deyə cavab verib.

Ötən cümə günü bir qadın kameralar qarşısında Le Penə, “Müsəlmanları rahat buraxın. Biz fransalıyıq, bu ölkəni sevirik” deyərək etiraz etmişdi.