BAKI, 22 oktyabr. TELEQRAF

Liviyanın paytaxtı Tripolidə silahlılar Hesablama Palatasının binasına hücum ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" qəzeti məlumat yayıb.

Onlar idarənin yeni rəis müavini təyin olunmasını təmin etməyə çalışıblar.

BMT-nin Liviyadakı missiyası dövlət qurumlarında təyinatlarla bağlı mübahisələrin həlli üçün güc tətbiq etmək cəhdlərini pisləyib.

Yerli medianın məlumatına görə, Liviya Milli Razılıq Hökumətinin 444-cü Briqadası ilə əlaqəli olduğu düşünülən maskalı şəxslər Ənvər əl-Xuşinin Hesablama Palatasının sədr müavini təyin edilməsinə cəhd göstəriblər. Təyinat Ali Dövlət Şurasının sədri Məhəmməd Təkalanın fərmanı ilə rəsmiləşdirilib.

BMT hesab edir ki, Hesablama Palatasının rəhbərliyini qorxutma yolu ilə dəyişdirmək cəhdləri ictimai etimada xələl gətirə, maliyyə nəzarətini zəiflədə və qurumun öz vəzifələrini müstəqil və effektiv şəkildə yerinə yetirməsinə mane ola bilər.

Hesablama Palatası Liviyanın əsas nəzarət orqanlarından biridir. O, dövlət xərclərini və büdcə vəsaitlərinin və resurslarının istifadəsini yoxlayır.