BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi Çin və digər iqtisadi rəqiblərinə qarşı gizli kəşfiyyat fəaliyyətini genişləndirməyi nəzərdə tutan yeni proqram hazırlamağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, “yeni nəsil” adlandırılan proqram çərçivəsində amerikalı kəşfiyyatçılar özəl sektorun əməkdaşları adı altında fəaliyyət göstərəcək və ABŞ hökuməti ilə əlaqələrini gizlədəcəklər.

Bu təşəbbüsün Pentaqonun iqtisadi rəqabət sahəsində nəzərdə tutduğu daha geniş fəaliyyət planının tərkib hissəsi olacağı bildirilir.

Məlumata əsasən, proqrama Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı, 39 yaşlı Tom Rakusan rəhbərlik edəcək. O, hazırda müdafiə nazirinin birinci müavini Stiv Faynberqin baş müşaviri vəzifəsində çalışır.

Layihənin hazırlanmasına Pentaqonun müxtəlif strukturlarının mütəxəssisləri və MKİ-nin keçmiş əməkdaşları cəlb olunub. Bununla belə, proqram hələ planlaşdırma mərhələsindədir.

“Rakusan faktiki olaraq Pentaqonun daxilində öz MKİ-sini yaratmaq istəyir”, – deyə nazirlikdəki mənbələrdən biri qəzetə bildirib.

Pentaqon isə nəşrin məlumatlarını təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Ceykob Bliss açıqlamasında iddiaların həqiqətə uyğun olmadığını bildirib.

“Bu məlumatları təqdim edən şəxslər ya ciddi şəkildə yanlış məlumatlandırılıblar, ya da bilərəkdən sizi çaşdırmağa çalışırlar”, – deyə o vurğulayıb.

MKİ məsələni şərh etməkdən imtina edib. Nəşrin məlumatına görə, ABŞ Konqresi də sözügedən təşəbbüs barədə məlumatlandırılmayıb.

Qeyd edək ki, sentyabr ayında MKİ direktorunun müavini Maykl Ellis ABŞ-nin Çin müəssisələri də daxil olmaqla, bu ölkəyə qarşı kəşfiyyat fəaliyyətini genişləndirdiyini açıqlamışdı. O, bunu hərbi və iqtisadi sahələrdə yaranan təhlükələrlə əlaqələndirmişdi.