BAKI, 22 oktyabr. TELEQRAF
Venesuela hökuməti ilə müxalifət nümayəndələri arasında paytaxt Karakasda keçirilən danışıqların üçüncü raundu başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri, hökumət nümayəndə heyətinin rəhbəri “Venezolana de Televisión” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdə demokratik institutların və məhkəmə hakimiyyətinin gücləndirilməsi, söz və informasiya azadlığı, siyasi sabitliyin təmin olunması, eləcə də seçkilərin keçirilməsi üçün yol xəritəsinin hazırlanması məsələləri müzakirə edilib.
Tərəflər iyunun 24-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirləri də nəzərdən keçiriblər.
Danışıqlar zamanı hökumət və müxalifət nümayəndələri Böyük Britaniya hakimiyyətinə müraciət edərək Venesuelanın İngiltərə Bankında saxlanılan ehtiyat aktivlərinin təcili qaytarılmasını tələb ediblər. Bildirilib ki, həmin vəsait zəlzələdən zərər çəkmiş əhalinin ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Görüşdə xəbər portalları və rəqəmsal media vasitələrinə qarşı inzibati məhdudiyyətlərin ləğvi nəticəsində söz azadlığı sahəsində əldə olunan irəliləyiş də müsbət qiymətləndirilib.
Tərəflər radioyayımın tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.
Xorxe Rodriqes bildirib ki, danışıqların növbəti raundunun noyabr ayında keçirilməsi planlaşdırılır.