BAKI, 22 oktyabr. TELEQRAF
ABŞ İranla hərbi münaqişənin nizamlanması istiqamətində Rusiya və Çinlə əməkdaşlıq edir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Trampın sözlərinə görə, Moskva və Pekinin İranla bağlı proseslərdə iştirakı daha geniş ola bilərdi.
“Rusiyanın İran məsələsində iştirakı daha böyük ola bilərdi. Eyni sözləri Çin haqqında da demək olar. Hazırda onların iştirakı nisbətən məhduddur. Əslində, hər iki ölkə müharibənin başa çatmasını istəyir. Biz Rusiya ilə bu istiqamətdə işləyirik, Çin də prosesdə iştirak edir”, – deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.
İyun ayında Vaşinqton və Tehran arasında Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.
Bundan sonra Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları dayandırmaq və sanksiyalar vasitəsilə iqtisadi təzyiqi gücləndirmək istiqamətində siyasət yürütməyə başlayıb.