BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna münaqişəsinin həllinə dair razılaşmanın əldə olunması ehtimalını nəzərə alaraq Moskvaya qarşı sanksiyaları sərtləşdirmək niyyətində olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evin cənub həyətində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton və Moskva uzun müddətdən sonra ilk dəfə Ukrayna məsələsində razılaşmaya yaxın ola bilər.

“Hazırda Rusiya ilə Ukrayna məsələsi üzrə danışıqlar aparırıq. Ola bilsin ki, uzun müddətdən sonra ilk dəfə razılaşmaya yaxınıq. Bəlkə də, həqiqətən, razılaşma əldə etmək üzrəyik. Razılaşmaya yaxın olduğunuz və çox həssas danışıqlar apardığınız bir vaxtda sanksiyalar tətbiq etmirsiniz”, – deyə Tramp bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi imkanını istisna etməyib.

“Mənim istənilən vaxt sanksiya tətbiq etmək səlahiyyətim var”, – deyə o vurğulayıb.