Bakı, 24 sentyabr. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilir.

Teleqraf xəbər verir ki, tədbirdə din xadimləri, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları və KİV nümayəndələri iştirak edirlər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlanan tədbiri QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə açaraq çıxış edib.

Şeyxülislam öz nitqində 27 Sentyabrın Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Bu, xalqımızın şərəf və qürur günüdür. 27 Sentyabr – Anım günü isə milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq yaddaşımızda xüsusi yer tutur,” – deyə QMİ sədri bildirib.

O, Vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna dua edib, qazilərə şəfa diləyib və qeyd edib ki, Azərbaycan Ordusunun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqın tarixi yaddaşında əbədi yaşayacaqdır.

Allahşükür Paşazadə, həmçinin, müxtəlif dinlərin nümayəndələrinin birlik və həmrəyliyinə diqqət çəkərək, Azərbaycanda multikultural və tolerant ənənələrin daim dövlətin xüsusi qayğısı ilə qorunduğunu vurğulayıb. O, Azərbaycanın dinlərarası və məzhəblərarası dialoq sahəsində dünyaya nümunə olduğunu, beynəlxalq tədbirlərdə ölkəmizin bu istiqamətdə təqdim edildiyini xüsusi qeyd edib.

Çıxışda həmçinin, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, beynəlxalq müstəvidə tarixi ədalətin təmin olunduğu vurğulanıb. Şeyxülislam Azərbaycanın müstəqil dövlət olaraq qazandığı nailiyyətləri yüksək qiymətləndiribölkə başçısının siyasi kursuna dəstək ifadə edib.

Tədbirdə bildirilib ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məscidlərin və kilsələrin bərpası, Böyük Qayıdış proqramı Azərbaycanın həm mənəvi, həm də dövlətçilik baxımından gücünü bir daha nümayiş etdirir.