BAKI, 23 dekabr. TELEQRAF
Dekabrın 23-də Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Heydər məscidini ziyarət ediblər.
Bu barədə Teleqraf-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
İştirakçılara Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi barədə məlumat verilib. Bildirilib ki, məscidin tikintisinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında başlanılıb. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunub. 12 min kvadratmetr sahədə salınmış Heydər məscidində eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir.
Daha sonra Forum iştirakçıları bir araya gələrək Heydər məscidində ənənə halını alan vəhdət namazı qılıblar. Namazda respublikamızın müxtəlif bölgələrindən gəlmiş 100-ə yaxın din xadimi iştirak edib.
Qeyd edək ki, sabah öz işinə başlayacaq Azərbaycan Din Xadimlərinin II Forumunda dünyəvilik və vicdan azadlığı kimi konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Ötən il Bakıda keçirilmiş ilk forum “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilmişdi.