BAKI, 8 avqust. TELEQRAF
“Bir il öncə imzalanan Vaşinqton anlaşmasının əsas məqamlarından biri də Zəngəzur dəhlizi və bu xəttin bir elementi olacaq “Tramp marşrutu”nun (TRIPP) reallaşması ilə bağlı əldə edilən razılaşma və ötən müddətdə görülən işlərdir”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı maneəsiz keçidi təmin edəcək bu dəhliz bütövlükdə regionun inkişafına xüsusi töhfə verəcək:
“15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafında xüsusi paya malik olacaq. Yaxın gələcəkdə Orta dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir.
Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. On illik proqnozlara əsasən, Zəngəzur dəhlizi 50 milyard dollar gəlir formalaşdırmaq və 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir”.
Vüqar Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq:
“Nəticədə Orta dəhlizin də genişlənməsinə imkan yaranacaq. Bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı da qazandıracaq.
Zəngəzur dəhlizi həmçinin türk dünyasını birləşdirəcək quru nəqliyyat yoludur. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu üzrə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə deməkdir”.