BAKI, 25 iyun. TELEQRAF
Azərbaycanda maliyyə icarəsi alan borclunun müflisləşməsi və iflası zamanı əmlak münasibətlərinin xüsusiyyətləri qanunvericiliklə müəyyən edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Müflisləşmə və iflas haqqında” və bir sıra digər qanunlarda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Qanuna əlavə edilən yeni 24-1-ci maddəyə əsasən, borclu maliyyə icarəsi alanın öhdəlikləri üzrə kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri borclunun sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə yönəldilə bilməz.
Maliyyə icarəsi verən həmin obyekti rəsmi bildiriş əsasında geri götürmək hüququna malikdir. Əmlak inzibatçısı isə razılaşma əsasında ödənişlərin ödənilməmiş hissəsini vaxtından əvvəl bağlayaraq əmlakı borclunun mülkiyyətinə keçirə bilər.
Dəyişikliklərlə həmçinin “Kredit büroları haqqında” Qanunun müvafiq maddələrinə əlavələr edilib və maliyyə icarəsi fəaliyyətini həyata keçirən digər şəxslər də bürolara məlumat təqdim edən subyektlərin siyahısına daxil olunub. Sənədlə eyni zamanda taxıl, tütün, çayçılıq, atçılıq, pambıqçılıq və kənd təsərrüfatı kooperasiyası sahəsindəki qanunlarda keçən lizinq terminləri də dəyişdirilib. Yeni Qanun “Maliyyə icarəsi haqqında” əsas Qanunla eyni gündə qüvvəyə minir.