BAKI, 25 iyun. TELEQRAF

Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin rəsmi reyestrə daxil edilməsi üçün tutulacaq dövlət rüsumunun məbləği rəsmiləşdirilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

“Dövlət rüsumu haqqında” Qanuna edilən əlavəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi 550 manat məbləğində müyyən edilib.

Eyni zamanda, Vergi Məcəlləsinin müvafiq bəndlərinə “Maliyyə icarəsi haqqında” Qanunun adı əlavə olunub, qeyri-rezidentlərə maliyyə icarəsi xidmətlərinin göstərilməsi, vergi tutulan əməliyyatlar və sığorta haqlarının uçotu ilə bağlı maddələrdəki terminlər yeni anlayışla əvəzlənib.