BAKI, 25 iyun. TELEQRAF
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə "alış qiyməti", "geriyə maliyyə icarəsi", "maliyyə icarəsi", "maliyyə icarəsi alan", "maliyyə icarəsi fəaliyyəti", "maliyyə icarəsi müqaviləsi", "maliyyə icarəsi ödənişləri", "maliyyə icarəsi verən", "mühüm iştirak payı", "satıcı", "ümumi dəyər", "vətəndaş qüsursuzluğu" kimi anlayışlar öz əksini tapıb. Qanunun tələblərinə əməl etməyən şəxslər qanunvericiliklə müəyyən olunmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən altı ay sonra qüvvəyə minir. Bundan sonra doqquz ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən şəxslər öz fəaliyyətlərini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslərin yeni maliyyə icarəsi müqavilələri bağlamasına, mövcud lizinq müqavilələrinin müddətini uzatmasına yol verilmir. Həmçinin firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olan qurumlar həmin ifadələrin addan çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.
Bundan başqa, dövlət başçısı "Maliyyə icarəsi haqqında" qanunun tətbiqi barədə Fərman imzalayıb. Fərmana əsasən, qanunun tətbiqi ilə bağlı müvafiq səlahiyyətlər ölkə Prezidentinə və Daxili İşlər Nazirliyinə məxsusdur. Nazirlər Kabineti Prezident aktlarının qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Mərkəzi Bankı isə altı ay müddətində müvafiq normativ xarakterli aktları təsdiq edib Prezidentə məlumat verməlidir. Həmin aktlara maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının minimum məbləği və formalaşdırılması, habelə öz vəsaitlərinin hesablanması qaydası, strukturu və tərkibi daxildir.
Həmçinin aidiyyəti şəxslərlə bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər, icarəyə verənin bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün kredit risklərinin maksimum miqdarına dair normalar müəyyən edilməlidir. Bununla yanaşı, icarəyə verənlər tərəfindən hər bir icarəçi haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi qaydası, benefisiar mülkiyyətçilərin vətəndaş qüsursuzluğu haqqında məlumatın forması, habelə maliyyə icarəsi fəaliyyətinə dair hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası da Mərkəzi Bank tərəfindən rəsmiləşdirilməlidir. Qurum həmçinin qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.