BAKI, 25 iyun. TELEQRAF

Azərbaycanda hərbi qulluqçular fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən şəxsi jetonla təmin olunacaqlar.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu və onun tətbiqi haqqında Fərmanı imzalayıb.

Qanuna edilən dəyişikliyə əsasən, qanunvericiliyə ilk dəfə “şəxsi jeton” anlayışı daxil edilib. Yeni qaydaya görə, şəxsi jeton – həlak olmuş, ölmüş, xəsarət, o cümlədən yaralanma, travma və kontuziya almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular xidmət etdikləri dövlət orqanları və ya həmin orqanların strukturuna daxil olan qurumlar tərəfindən bu jetonlarla mütləq şəkildə təmin olunacaqlar.

Bununla yanaşı, sənədlə gənclərin çağırışaqədərki hazırlığı sahəsində də yeni idarəetmə mexanizmi müəyyən olunub. Dövlət başçısının imzaladığı Fərmanla Nazirlər Kabinetinə iki ay müddətində gənclərin çağırışaqədərki hazırlığı haqqında yeni əsasnaməni müəyyən edərək təsdiqləmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Hökumət həmçinin altı ay müddətində hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydasını müəyyən etməlidir.

Fərmana əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti güc strukturları jetonların hazırlanmasına tələb olunan vəsaitə dair təkliflərini dövlət büdcəsində nəzərdə tutulması üçün Maliyyə Nazirliyinə təqdim etməlidirlər, Baş Prokurorluğa isə bu proses tövsiyə olunub. Maliyyə Nazirliyi sənəddən irəli gələn maliyyələşmə məsələlərini həll edəcək.