BAKI, 14 may. TELEQRAF

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu, eləcə də Tətbiqi Elmlər İnstitutu yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, hər iki qurum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Yeni yaradılan institutların müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik olması nəzərdə tutulur.

Sənədə əsasən, publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı səlahiyyətlər Nazirlər Kabinetinə həvalə olunub. Digər təsisçi səlahiyyətlərini isə Elm və Təhsil Nazirliyi həyata keçirəcək.

Elm və Təhsil Nazirliyi iki ay müddətində yeni institutların nizamnamələrini təsdiqləməli, bundan sonra isə onların dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlər görməlidir.