BAKI, 5 mart. TELEQRAF

Başçısını itirən molla rejimi başını da itirib. İranın Naxçıvana dron hücumu etməsinin başqa izahı yoxdur.

Təsəvvür edin, Prezident İlham Əliyevin İranin Ali liderinin ölümü ilə bağlı bu ölkənin Bakıdakı səfirliyini ziyarət etməsindən, başsağlığı verməsindən heç bir sutka ötməyib. Dünən Azərbaycanın dövlət başçısının əlini sıxan, ziyarətə görə təşəkkürünü bildirən səfir Müctəba Dərmiçilu bu gün isə riyakar hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Daim qonşuluq prinsiplərinə sadiq qalan, nəinki İran, ümumiyyətlə, heç bir ölkə üçün təhlükə olmayan, yaratmayan Azərbaycana qarşı ani hücum nankorluqdan başqa bir şey deyil. Çünki Azərbaycan digər ölkələrə olduğu kimi, İrana da humanitar yardım göndərməyi planlaşdırırdı. Azərbaycan dövləti insan faktorunu düşündüyü halda, İranın molla rejimi dinc əhalimizi, mülki infrastrukturumuzu hədəf alır.

Bu hücum nəticəsində iki mülki vətəndaşımız xəsarət alıb, normal olaraq yerli sakinlər təşvişə düşüb. Bunun terrordan başqa adı və izahı yoxdur. Rəsmi Bakının da bəyanatında qeyd olunduğu kimi, Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Molla rejimi bir şeyi unudur ki, Azərbaycana hücum edənlər həmişə peşman olub.

Biz ötən illər ərzində, lap Qarabağ münaqişəsinin davam etdiyi, eyni zamanda həllinə nail olduğumuz müddətdə İranın Azərbaycana qarşı nankorluğunun dəfələrlə şahidi olmuşuq. Müsəlman ölkəsi olmasına baxmayaraq, Ermənistana silah satan, yük maşınlarını qanunsuz olaraq Qarabağ ərazisinə göndərən İranın yaxın keçmişdəki əməllərini unutmuş deyilik.

Amma bu, son idi. Azərbaycanın da səbrinin bir sərhədi var... Və bu sərhədin o tayında İrandır...