BAKI, 27 fevral. TELEQRAF
“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncamda Fərmanın icrası ilə bağlı aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar verilib.
Sənədə əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Həmçinin Nazirlər Kabinetinin normativ aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərin beş ay müddətində hazırlanması nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyətinə də mühüm vəzifələr həvalə edilib. Belə ki, “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı”nın, eləcə də “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmə yolu ilə yenidən təşkili ilə bağlı təkliflər bir ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir. Eyni zamanda aidiyyəti qurumların nizamnamələrinin layihələrinin hazırlanması tapşırılıb.
İqtisadiyyat Nazirliyinə digər qurumlarla birlikdə sözügedən dəyişikliklər çərçivəsində əmlakın yeni yaradılacaq qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı təkliflərin hazırlanması həvalə olunub.
Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar yeni yaradılacaq büdcə təşkilatlarının strukturu, işçi sayı və əməkhaqqı sisteminin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamalıdır.
Sərəncama əsasən, mərkəzi icra hakimiyyəti orqanları dörd ay müddətində normativ hüquqi aktlarını Fərmana uyğunlaşdırmalı və bu barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir. Ədliyyə Nazirliyi isə bu prosesin yekunlaşdırılması barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə həvalə olunub.
Sənəd imzalandığı gündən qüvvəyə minib.