BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri Xalq yazıçısı Elçin Əfəndiyevin ölümü ilə bağlı nekroloq imzalayıb.

Teleqraf xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat edib.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləyib. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışıb.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanıb. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlayıb. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olunub.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr verib.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunub, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırıb. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak edib. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərib.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilib.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!"

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov