BAKI, 24 iyun. TELEQRAF

"Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası” təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, qurum dövlət informasiya ehtiyatlarının və sisteminin formalaşdırılması, elektron xidmətin təşkili, həmçinin mövcud dövlət informasiya ehtiyatının və sisteminin funksiyalarında, habelə elektron xidmətin reqlamentində əhəmiyyətli dəyişikliklərin edilməsi ilə bağlı məqsədəuyğunluq rəyinin verilməsi üçün “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə (bundan sonra – Reyestr) yaradılan elektron kabineti vasitəsilə bu Qaydanın 3-cü hissəsində göstərilən məlumatların (sənədlərin) əlavə edildiyi müraciətini təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) müraciət edəcək.

Müraciətə baxılması və rəy verilməsi məqsədilə təqdim edilmiş sənədlərin (məlumatların) təhlilinin aparılması və məqsədəuyğunluq rəyinin formalaşdırılması Nazirlik tərəfindən həyata keçiriləcək.

Müraciət daxil olduğu gün qeydiyyata alınır. Nazirlik müraciətin qeydiyyata alındığı vaxtdan 20 iş günü müddətində məqsədəuyğunluq rəyini verir. Həmin müraciət üzrə icraatın yekunlaşdırılması üçün sənədləri araşdırmaq, əlavə məlumatları əldə etmək, aidiyyəti üzrə sorğu göndərmək məqsədilə icraatın müddəti Nazirlik tərəfindən 10 iş günü müddətinədək uzadıla bilər. Nazirlik tərəfindən müraciət edən quruma müddətin uzadılması barədə 2 iş günü müddətində məlumat verilir.

Müraciət və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, müraciətin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq, Nazirlik onların aradan qaldırılmasının zəruriliyi barədə məlumatı elektron kabinet vasitəsilə quruma təqdim edir. Eyni zamanda, quruma formal tələblərə əməl olunmamasının hüquqi nəticələri izah edilir və bütün çatışmazlıqlar bildirilir.