Teleqraf.com Azərbaycan Cümhuriyyətinin Əksinqilab ilə Mübarizə Təşkilatının rəisi Nağı Şeyxzamanlının SSRİ Baş Dövlət Təhlükəsizlik komissarı, marşal Lavrenti Beriya ilə bağlı xatirələrini təqdim edir:

Beriya “Hümmət” Partiyasının zəmanəti ilə Əksinqilab ilə Mübarizə Təşkilatına işə götürülmüşdü. O zamanlarda sərhədlərimizi çar generalı Denikin hədələyirdi. O, rus çar üsul-idarəsinin yenidən bərpa olunmasını istəyirdi. Beriya sosialist kimi çar üsul-idarəsinin qatı əleyhinə idi. İşimizə yarayacağını bildiyimizdən qəbul etmişdim. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra onun işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O, bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrəti olması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paroxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi.

Beriya bir sabah mənə belə bir raport verdi: “Bunu bir sərnişin əşyaları içərisində tapmışam. Məktub müəllifinin bir tələbə olması aydın hiss olunur. Məktub oğlu tərəfindən anasına yazılmışdı: “ana, çox yaxında rus qoşunu Müzəffəranə Bakıya girəcəkdir. Şəhərin bütün binaları ikibaşlı qartal bayrağımızla bəzənəcəkdir. Çox keçmədən Tbilisidə də gürcü bayrağı yerinə rus bayrağı dalğalanacaqdır” deyirdi. Məktubun sonunda da on beş gün sonra onu gətirəcək paroxodun adı yazılmışdı. Beriya mənə xahişlə bu tələbəni qarşılamaq vəzifəsini ona tapşırmağı xahiş etdi Onun xahişini qəbul etdim. 15 gün sonra o, tələbəni qarşılayıb idarəyə gətirmişdi. İfadəni oxudum və tələbəni gətirmələrini söylədim. İçəri bənizi saralmış 17 yaşında bir rus uşağı girdi. Görkəmindən litsey tələbəsinə oxşayırdı. Uşağı sərt nəzarətlə süzüb “hansı rus ədəbiyyat müəllimindən öyrəndin ki, o çirkin sözləri öyrəndin və bunlarla məktubunu bəzədin” deyə soruşdum. Uşağın qorxusundan cavab verə biləcək halı qalmamışdı. Uşağı başqa otağa keçirtdilər. Sonra bu uşağın anasını və bacısını içəri çağırdılar. Onlar içəri girər- girməz ayaqlarımıza düşərək yalvarmağa başladılar.

Ana: “Bircə oğlumu öldürməyin”, qız da “qardaşımı bizə bağışlayın” deyə ağlaya-ağlaya xahiş edirdilər”. Mən onlara: “Ağlamayın və məni yaxşı dinləyin. Madam ki, oğlun uşaqdır, biz də vəhşi insanlar deyilik, qorxulu bir şey yoxdur. Ancaq oğlunuzun nə işlə məşğul olduğunu söyləyin” dedim. Qadın: “Tələbə idi. Mənə qulaq asmayıb qaçdı və orduya könüllü yazıldı. İndi çox peşman olmuşdur. Xahiş edirəm onu bağışlayasınız” dedi. Qadından burada evi olub-olmadığını soruşdum. Kirayədə yaşadığını və başqalarının evində xidmətçilik etdiyini bildirdi. Qadına “indi də gedin hazırlaşın və üç gün sonra mənim yanıma gələrsiniz. Sizə oğlunuzu təhvil verdikdən sonra hər üçünüzü də paroxoda mindirərək Rusiyaya göndərəcəyik” dedim. Ana və qız çox sevindilər. İki gün sonra hər üçünü də paroxoda mindirib Rusiyaya yola saldıq. Beriya mənim bu hərəkətimi bəyənməmişdi. O mənə “Nağı bəy, sizin rus düşmənliyinizi çox zəif gördüm. Nə üçün siz o ilan balasını cəzasız buraxdınız” dedi. Mən də ona “Beriya, mən də səni bu qədər vəhşi və qəddar bilməzdim. Sənin haqqında əldə etdiyim məlumata görə sən hələ məktəbdə oxuduğun zaman dostlarına böyüyəndə amerikaya gedib orada Qanqster olacağını söyləyərmişsən. Demək, sən belə bir ruh daşıyırsan. Doğrusu inanmazdım. Özü də o, hissə qapılmış bir uşaqdır” cavabını verdim.

Bolşeviklər Qafqazda general Denikin ordusunu darmadağın etdikdən sonra artıq bizim üçün ağqvardiyaçı təhlükəsi qalmamışdı. Ancaq Denikinin yerinə arxasını Rusiyanın mərkəzi olan Moskvaya dayayan bolşeviklər kimi bir təhlükəli qüvvə də vardır. Artıq biz də fəaliyyətimizi bolşeviklər əleyhinə çevirmişdik. Mən hələlik Beriyanı vəzifədən çıxarmamışdım. Yerli bolşeviklər əleyhimizə fəaliyyətə keçmişdilər. Biz də onları daima təqib edir və göz açmağa aman vermirdik. Bu zaman Beriya yoxa çıxdı. Onu bir müddət axtardım, ancaq ondan bir soraq verən olmadı. Nəticədə belə bir qənaətə gəldim ki, artıq o, respublikada yoxdur. İki aylıq maaşını anasına göndərdim.

Elə bir vaxt gəldi ki, Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildi və mən Gürcüstana keçməyə məcbur oldum. Bir şirniyyat mağazasında rastlaşdıq. Bu zaman Gürcü hökuməti menşevik olub bolşevikləri təqib edirdi. Beriya məni görən kimi yaxınlaşdı və əl verib salamlaşdıq. Hiss etdim ki, o mənimlə qarşılaşmağa o qədər də məmnun deyil. Ancaq mənim xoş münasibətimi görüb bir az toxdadı. Ondan “Beriya nə üçün mənə bildirmədən Gürcüstana keçdin?” deyə soruşdum. Beriya da “hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunurlar. Ona görə də bu təşkilatda qalmağın daha mümkün olmadığı qərarına gəldim. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşlarımı vermisiniz təşəkkür edirəm” dedi.

Mən ona “Beriya Azərbaycanda rusların törətdiklərindən xəbərin varmı? Xalq rus çarına rəhmət oxuyurlar” dedim. Beriya mənə “Nağı bəy, siz yanılırsınız, bu gün siz bolşeviklərdən qaçırsınız. Ancaq bolşevik rusluq deyil. Bolşeviklər Qafqaza azadlıq və səadət gətirirlər. Sabah sizin sevdiyiniz Türk, Şərq və İslam dünyası kapitalistlərin əlindən bolşeviklərin sayəsində xilas olacaqlar. Nə isə bunu istiqbal göstərəcək. Ancaq siz söyləyin, nə etmək istəyirsiniz?” dedi. Mən yola düşmək üçün hər hazırlığımı tamamlamışdım. Ancaq hələ qəti qərara gəlmədiyimi söylədim. Beriya “Nağı bəy, inanın mənə. Yaxınlarda bolşeviklər buraya da gələcəklər. Sizin buradan uzaqlaşmağınızı tövsiyyə edirəm” dedi. Mən də Beriyaya “əgər burada qalsam və məni yaxalasalar qurtara bilməzsən eləmi?” dedim.

O, isə cavabında “qurtara bilmərəm” dedi. Onda “Bax Beriya buradaca sərbəstcə bir- birimizlə söhbət edirik. Sən kommunistsən. Bir an təsəvvür et ki, mən müttəhiməm, son də ittihamçı. Sən məni özün qədər tanıyırsan. Məni nə ilə ittiham edəcəksən? Ədalətsiz bir hərəkətimi söyləyə bilməzsən. Heç bir kasıbı varlının ayağına vermədim. Daima onlara kömək etməyə çalışdım. Ancaq bolşevik yoldaşların məni utanmadan xalq düşməni etdilər. Söylə, çəkinmə. Hansı hərəkətim xalqa qarşı olmuşdur” deyə soruşdum. Beriya susurdusa, ancaq cavab da vermək istəyirdi. Nəhayət o “bu bolşevik inqilabıdır. Bəlkə içərisində günahkar olan bir 100 nəfəri güllələyəcəklər” dedi. Mən, “Beriya, artıq sənə nə söyləyim. Əliheydər deputatdı. Məni inandırmaq istəyirdi ki, bütövlükdə “Müsavat” Partiyası hakimiyyəti sosialistlərə verərsə Qızıl Ordu Azərbaycana girməyəcəksə Azərbaycanın istiqlaliyyətini tanıyacaqlar. Mən Əliheydərin bu sözlərinə cavab olaraq dedim ki, Əliheydər, bu gələn rusdur. Nə rəngə bürünürlərsə, bürünsünlər rusluqlarını edəcəklər. Beriya, əmin ol ki, öldürülmək növbəsi sən Beriyaya da gələcəkdir” dedim. Çox gec olsa yəqin iki, Beriya söylədiyim sözləri özünükülər tərəfindən güllələndiyi zaman yada salmışdır.

Çünki, Azərbaycanda nə qədər bolşeviklərin gəlməsini istəyən Əliheydərlər var idisə Beriyanın cəlladları tərəfindən güllələnmişdilər. Kremldə Beriyanı da qətlə yetirdilər. Sonra Stalini də rahat buraxmadılar, yəni özünə gücləri çatmasa da meyidini cəzalandırdılar. Çünki Moskva rus imperiyasını qurur və dirçəldirdi. Əgər bu gün Xruşşov kimiləri işlətdikləri cinayətləri və etdikləri vəhşilikləri qeyri-rus olan Stalin və Beriyaya yükləmək və öz millətlərini məmnun etmək istəyirdilərsə yaxşı bilməlidirlər ki, millətlər zindanı olan Rusiyada soyqırımına məruz qalan qeyri-ruslar sırf rus millətindən ibarət olan terror dəstələri tərəfindən törədilmişdir. Bu cinayətlər rus milləti hesabına törədilmişdir. Ancaq, bu lənətləri oxumağa rus millətinin haqqı yoxdur. Çünki, Rusiyanın genişləndirilməsində rus çarlarına nəsib olmayanları Stalin təmin etmişdir. Rus milləti bu həqiqəti inkar edərsə nankorluq etmiş olar. Beriya Azərbaycanda və xüsusilə də Bakıda azəri gənclərinə qarşı kütləvi qətlam tərtib etdirmişdir. Bu o gənclər idi ki, Beriya ilə bir məktəbdə oxumuş və daima ona qayğı göstərmişdilər. Uşaqlıq yoldaşlarının qatili olan Beriya daima azərilər tərəfindən lənətlənəcəkdir. O Beriya ki Azərbaycanda törətdikləri vəhşiliklərin mində birini nə Rusiyada, nə də Gürcüstanda etməmişdir. Beriyanı lənətləyərkən, onunla bağlı xatirəmi də lənətləyirəm. Beriya əksinqilab ilə Mübarizə İdarəmizin sensuz şöbəsində çalışırdı. O cani ilanı tanımadan, bilmədən, öyrənmədən bəslədik. Onu yalnız mən himayə etmirdim, bütün şöbə əməkdaşları da qayğı göstərirdilər. İkinci Dünya müharibəsində Qızıl Ordudan almanlara əsir düşən və hürriyyəti seçərək alman ordusu sırasında ruslarla vuruşan qəhraman, millətçi, idealist azəri gəncləri ilə görüşərkən Beriyanı soruşardım.

Hamısı Beriyanın azəri gənclərini mərhəmətsizcəsinə məhv etdirdiyini deyirdilər. O, hələ Əksinqilab ilə Mübarizə İdarəsində birgə çalışmış olduğu yoldaşlarını da hər kəsdən əvvəl aradan götürmüşdü. 1950-ci il idi. İstanbulun Qapalı Çarşısının bir guşəsində antik əşyalar ticarəti ilə məşğul olaraq yaşayışımı təmin edirəm. Günlərin bir günü qarşı tərəfdəki qonşumun dükanına bir xarici gəldi. Xarici qonşuma “Siz bu malın əski rus mənşəli olduğunu haradan bilirsiniz?” deyə sual verdi. Qonşum cavab verir ki, “Malın üstündə haradan olması yazılıb” və məni göstərərək, “Qonşum rusca bilir, o oxuyur”. Xarici təmiz türk dilində mənə “siz demək rusca bilirsiniz, ruscanı harada öyrənmisiniz?” deyə soruşur. Mən də ona Qafqaz Azərbaycanında öyrəndiyimi söyləyirəm. O məndən Qafqazda antik mallar ticarəti ilə məşğul olub-olmadığımı soruşur. Mən də ona vətənimdə torpaq sahibi olub kənd təsərrüfatı ilə məşğul olduğumu söylədim. Sonra ona “eyni zamanda milli istiqlal uğrunda da iştirak etmişəm. Qayəmiz istiqlal idi. Onu da əldə etdik, yəni Milli Cümhuriyyətimizi qurduq, ancaq təəssüf ki, yaşada bilmədik. Moskvanın hücumuna məruz qaldıq. Ölkəmizi işğal etdilər. Bəs siz kimsiniz?” deyə soruşdum. Sovet tələbəsi və rus olduğunu söyləyir. Mən bunun Sovetlər Birliyindən ola bilməsini ağlıma gətirməmişəm. Ona “çox təmiz türkcə danışırsınız. Tələffünüz də sizin rus olmağınızı hiss etdirmir. Bəs burada nə ilə məşğulsunuz?” deyə soruşdum. Sovet konsulluğunda məmur olduğunu söyləyincə “Anladım, həm də yüksək rütbəli məmursunuz” deyirəm. Yüksək rütbəli məmur olduğunu haradan bildiyimi soruşur. Artıq söhbətimiz ciddiləşir və sözlərimə belə davam edirəm: “Ona istinad edirəm ki, sizin sözlərinizə inanıram. Sovet məmurusunuz və yüksək rütbəli məmur olmağınızı necə bildiyimi də anladım: Mən sovet konsulxanasının nə kiçik, nə də yüksək rütbəli heç bir məmurunu şəxsən tanımıram. Onlarla əlaqə saxlamıram və saxlamaq da istəmirəm. Ancaq konsulxana işçiləri məni tanıyırlar və mənimlə görüşməkdən də çəkinirlər. Bunu siz məndən yaxşı bilirsiniz. Onların çəkinmələri və qorxmalarını yalnız konsulxanadakı siyasi komissardandır. Əgər onlardan azacıq şübhələnsələr ya vəzifədən götürülür, ya da sovetlər birliyinə göndərilib orada cəzalandırırlar”.

Bu zaman dükana bir müştəri gəldi və mən onunla məşğul olmağa başladım. Artıq özünü konsulxana məmuru kimi təqdim edən şəxs dükandan getmişdi. Mən elə o günü bu şəxsin İstanbuldakı sovet konsulxanasının baş konsulu olduğunu öyrəndim. Aradan beş gün keçmişdi. O, yenə gəldi və mən onu çox soyuq qarşıladım. O, bunu hiss etsə də mənimlə bir məsələni aydınlaşdırmaq istədiyini bildirdi. Mən də təəccüblə onun üzünə baxdım və “Mənim sizinlə müzakirə edəcək heç bir məsələm yoxdur və ola da bilməz” dedim. Mənə: “Siz çox sərt danışırsınız, əsəbinizə hakim olun və məni dinləyin. Əgər dediklərim xoşunuza gəlməsə rədd edə bilərsiniz. Siz dünyada sülh olmasını istəməzsinizmi? Bilirsiniz ki, Stalin öldükdən sonra Rusiyanı idarə edənlər üç şəxsdir: Beriya, Malenkov və Molotov. Öyrəndiyimə görə Beriya vaxtilə sizin idarənizdə məmur olmuşdur və bu gün Beriya fikrən digərlərindən fərqlənən yeganə insandır. Moskvada da hamıya məlumdur ki, Beriya liberalizmə yuvarlanmışdır. Kolxoz quruluşunun dağıdılmasına tərəfdardır. Siz ona bir məktub yazın və Qərb dünyası ilə müqavilə bağlasın. Bəlkə sizin tövsiyyələrinizi dinlər və siz də dünya sülhü üçün bir rol oynamış olarsınız. Siz Beriyaya məktub yazıb, ancaq ikinizə aid olan hadisələrdən də bəhs edin ki, məktubun sizdən olduğunu anlasın. Mən də məktubu kuryer ilə göndərim. Bir həftəyə qədər o çatdırsın” dedi.

O, sözünü bitirib məndən cavab gözləyir. Mən də “Bəli, mən dünyada sülh olmanın tərəfdarıyam. Bu sülhü bütün dünya əhalisi istəyir. Ancaq məktubla hər hansı bir sülhün baş tutmağına inanmıram. Bir də sizin gəlib mənimlə söhbət etməyinizi düzgün hesab etmirəm və istəmirəm” dedim. O, bir daha mənim yanıma gəlmədi. Aradan bir müddət keçdikdən sonra Beriyanın Kremldə öldürülməsi xəbəri Xəbər Agentlikləri tərəfindən dünyaya yayıldı. O günlərdə İstanbulda nəşr olunan “Vətən” qəzetinin müxbirlərindən biri mənim yanıma gələrək Beriya haqqında müəyyən məlumat istədi. Mən də onu maraqlandıran suallara ətraflı cavab verdim. Aradan bir müddət keçir və Moskva Kommunist Partiyasının XX qurultayı öz işinə başlayır. Qurultayda Xruşşov, Molotov, Malenkov və Kakanoviçə tərəf dönərək “Əgər Beriya ölməsəydi, siz sağ qalıb burada oturmayacaqdınız. O, alçaq Milli Azərbaycan Cümhuriyyətinin kəşfiyyat orqanında işləmiş və xaricdəki Müsavatçılarla əlaqə saxlayaraq sovet rejimini devirmək istəmişdir” deyir. Mən bu sözləri oxuduğum zaman Moskvanın Beriyaya nə üçün məktub yazmasını istədiyini anladım. Məktubu yazmadığıma sevindim. Demək, mənim ağzımdan uydurma bir şey yazmışlar və Beriyanı da buna əsaslanaraq öldürmüşlər. Bu məsələ bu gün aydın olmuşdur. Maraqlananlar irəlidə təfsilatı ilə öyrənə bilərlər. Mənim bildiyim bir şey varsa, o da Lenin, Stalin, Zinovyev, Kamenev, Kakanoviç, Kirov, Xruşşov, Vişinski və digərləri də hamısı enyi dərəcədə günahsız insanların qatilləridirlər.