Nizami Kino Mərkəzində dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Axırıncı dayanacaq” bədii filminin təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Rejissor Fikrət Əliyev filmin çəkiliş prosesindən söhbət açaraq tədbir iştirakçılarının təqdimatdan xoş təəssüratla ayrılacaqlarına inamını ifadə edib. Ssenari müəllifi İlqar Fəhmi filmin mövzusunun zahirən çox sadə görünməsinə baxmayaraq, burada fəlsəfi məqamların olduğunu söyləyib. Bildirib ki, filmdə axırıncı dayanacaqda yaşanan insan hissləri, duyğuları əks olunub.
Digər çıxış edənlər filmin ərsəyə gəlməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq ediblər.
Sonra film təqdim olunub. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir.
Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb. Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər. Qonaqlar, həmçinin Nizami Kino Mərkəzinin foyesində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi fotosərgi ilə də tanış olublar.