BAKI, 26 may. TELEQRAF

Baş nazir Mark Karni Alberta əyalətinin Kanadadan ayrılması ilə bağlı referendum keçirilməsini faydasız və qeyri-demokratik hesab edir.

Teleqraf xəbər verir ki, hökumət başçısı bölgə sakinlərinin müstəqillik ideyasını dəstəkləmədiklərini deyib.

“Bu cür fundamental suallar vermək faydalıdırmı (Albertanın Kanadadan ayrılması ilə bağlı – red.)? Əlbəttə, yox. Bu, Alberta əhalisinin demokratik iradəsi ilə əlaqəlidirmi? Onlar son əyalət seçkilərində buna səs veriblərmi? Xeyr, verməyiblər”, - Karni bildirib.

Baş nazir əyalətin Kanadanın bir hissəsi olaraq qalması üçün kampaniya aparmaq niyyətindədir: “Çünki biz birlikdə daha güclüyük”.

Ötən həftə Alberta qubernatoru Daniel Smit sakinlərdən oktyabrın 19-da əyalətin Kanadadan ayrılması ilə bağlı səs vermələrinin xahiş olunacağını açıqlayıb. O bəyan edib ki, sakinlərdən Albertanın Kanadanın əyaləti olaraq qalıb-qalmaması, yoxsa bu məsələ ilə bağlı zəruri referendumun keçirilməsi üçün Konstitusiya ilə müəyyən edilmiş hüquqi prosesə başlamaları barədə soruşulacaq.

Alberta 1905-ci ildə Kanadanın bir hissəsi olub. 1940-cı illərdə bölgədə böyük neft ehtiyatları aşkar edilsə də, bölgənin inkişafı federal tariflər səbəbindən ləngiyib, bu da yerli sakinlərin narazılığını artırıb. Ardınca əyakətdə separatçı hərəkat yaranmağa başlayıb.

1970-ci illərdə Albertada neft dollarlarının kəskin artması müşahidə edilsə də, vəsaitlərin əksəriyyəti federal hökumətə gedib, bu da separatçı hərəkatı daha da gücləndirib. Keçmiş Baş nazir Castin Trüdonun karbohidrogenlərdən imtina siyasəti neft sektorunda iş yerlərinin itirilməsinə və bir neçə böyük xarici investorun Albertadan geri çəkilməsinə səbəb olub. 2025-ci ildə Vaşinqton və Ottava arasında baş verən tarif müharibəsi Albertanın neft ixracına zərbə vurub, bu da əyalət sakinləri arasında narazılığı daha da artırıb.