BAKI, 8 aprel. TELEQRAF
“İran ya zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verəcək, ya da bu materiallar Vaşinqton tərəfindən müsadirə olunacaq”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.
“Onlar ya bunları könüllü şəkildə bizə təhvil verəcəklər, ya da biz (zorla) alacağıq. Bu iş bizə qalsa, özümüz çıxaracağıq”, - o bildirib.
Nazir vurğulayıb ki, İranın sahib olmamalı olduğu bütün nüvə materialları dərhal məhv ediləcək:
“Onların sahib olmamalı olduğu istənilən material dərhal çıxarılacaq. Nüvə materialları dərinlikdə basdırılıb, sutkada 24 saat, həftədə 7 gün havadan nəzarət altındadır. Prezident Tramp dəfələrlə bəyan edib ki, İranın nüvə silahı olmayacaq”.
ABŞ Prezidenti Donald Tramp bundan öncə İranın artıq uranı zənginləşdirməyəcəyini açıqlamışdı.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.