BAKI, 8 aprel. TELEQRAF
“ABŞ İranla müharibədə qələbə qazanıb”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.
“İran üzərində böyük qələbə qazandıq. İran atəşkəs üçün yalvarırdı”, - o bildirib.
Pit Heqset hadisəni “dünyada sülh üçün əla bir gün” adlandırıb.
Müharibə naziri İranın özünü müdafiə edə bilmədiyini nümayiş etdirdiyini söyləyərək, ABŞ-nin hərbi gücünün yalnız bir hissəsini göstərdiyini vurğulayıb:
“İran İslam Respublikasının donanması dənizin dibindədir, hava qüvvələri isə məhv edilib”.
O əlavə edib ki, artıq İranın hava hücumundan müdafiə sistemləri yoxdur, ölkənin hava məkanına ABŞ nəzarət edir.
İranın raket potensialına toxunan Heqset qeyd edib: “İranın raket proqramı məhv edilib”.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.