BAKI, 1 aprel. TELEQRAF
ABŞ NATO-dan çıxma məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşrinə ABŞ Prezidenti Donald Tramp deyib.
Prezident İranla müharibədən sonra ABŞ-nin alyansdakı üzvlüyünü yenidən nəzərdən keçirib-keçirməyəcəyi soruşulanda belə cavab verib:
“Bəli. Mən heç vaxt NATO-nun təsiri altında olmamışam. Həmişə bilirdim ki, onlar kağız pələngdir, Putin də bunu bilir”.
ABŞ lideri NATO üzvlərinin İranla müharibədə və Hörmüz boğazının açılması prosesində ölkəsinə dəstək verməməsindən narazıdır. NATO üzvləri isə dünya neftinin 20 faizinin keçdiyi boğazın yenidən açılmasına kömək etməkdə tərəddüd edirlər. Tehran boğazı faktiki olaraq həftələrdir bağlayıb, bu da dünya bazarlarında neft-qaz qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub, qlobal iqtisadi tənəzzül təhlükəsi yaradıb.