BAKI, 17 mart. TELEQRAF
ABŞ Ordusu Prezident Donald Trampın əməliyyatı dayandırmaq qərarı verə biləcəyi ehtimalı da daxil olmaqla, İranla müharibədə bütün mümkün ssenarilərə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadla məlumat yayıb.
Hərbi planlarla tanış olan mənbələr NBC-yə deyiblər ki, Ağ Evdə hazırlanmış müharibə ssenarilərinə əvvəlcədən “çıxış nöqtələri” - prezidentin istədiyi halda əməliyyatın başa çatdığını elan edə bilməsi üçün nəzərdə tutulmuş addımlar da daxil edilib. Donald Tramp hələlik bu imkanlardan istifadə etməyib.
Mənbələr bildiriblər ki, bu planlar müharibənin inkişaf edən strategiyasına inteqrasiya olunub və Ağ Evin eskalasiyanı seçəcəyi halda İrana təzyiqi artırmaq variantları ilə yanaşı nəzərdən keçirilir. Onlar bu variantların konkret təfərrüatlarını açıqlamayıblar, amma qeyd ediblər ki, bu, prezidentin ətrafında aparılan hərbi müzakirələrin ayrılmaz hissəsidir.
İki mənbənin sözlərinə görə, məsləhətçilər və müttəfiqlər Trampı fərqli istiqamətlərə yönəltməyə çalışırlar. “Çıxış nöqtələri” strategiyasını dəstəkləyənlər qlobal iqtisadiyyata təsirdən narahatdır, digərləri isə regionda rejimin təsir dairəsinə zərbələrin davam etdirilməsinə fokuslanıblar.
Müharibənin müddəti ilə bağlı zaman cədvəlinin isə hər gün dəyişə biləcəyi vurğulanıb.