BAKI, 26 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetlə yüzlərlə Amerika generalı və admiralı arasında gələn həftə keçiriləcək görüşdə qeyri-adi heç nə görmədiyini deyib.

Teleqraf xəbər verir ki, o, məsələ ilə əlaqədar danışarkən özünü “dünyanın prezidenti” də adlandırıb.

“Bəs bu, niyə bu qədər vacibdir? Demək istəyirəm ki, o, generallar və admirallarla anlaşır. Xatırladığım qədər, mən dünyanın prezidentiyəm. İnsanlarla ünsiyyət qurmaq yaxşıdır. Sanki pis bir şeymiş kimi davranırsınız. Dünyanın hər yerindən insanların bizə gəlməsi yaxşı deyilmi?

Dünyanın ən yaxşı texnikalarına sahibik. Onları başqa ölkələrə də satırıq. Bir çox general burada olmaq istəyir, onları görmək istəyir. Onlar hərbi avadanlıqlar olan obyektlərə də baş çəkəcəklər. Ən son sistemləri və sairəni müzakirə edəcəklər”, - Tramp qeyd edib.

Xatırladaq ki, bundan əvvəl “The Washington Post” mənbələrə istinadla Put Heqsetin heç bir izahat vermədən yüzlərlə amerikalı general və admiralı sentyabrın 30-da Virciniya ştatının Quantiko şəhərində keçirilməsi planlaşdırılan görüşə çağırdığı barədə məlumat yaymışdı.