BAKI, 10 iyul. TELEQRAF
ABŞ-yə idxal olunan misə 50% rüsum tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Social Truth” sosial şəbəkəsində yazıb.
"Milli təhlükəsizliyimizin hərtərəfli qiymətləndirilməsindən sonra, 1 avqust 2025-ci il tarixindən etibarən misə 50% rüsum tətbiq ediləcəyini elan edirəm", - Tramp bildirib.
O qeyd edib ki, ABŞ yarımkeçiricilərin, təyyarələrin, gəmilərin, döyüş sursatlarının, akkumulyatorların, radar sistemlərinin, raket əleyhinə müdafiə sistemlərinin, hipersəs silahların istehsalında, həmçinin məlumatların emalı mərkəzlərinin tikintisində misə ehtiyac duyur.
"Mis Müdafiə Nazirliyinin ən çox istifadə etdiyi ikinci materialdır", - ABŞ lideri vurğulayıb.
Bununla yanaşı, o, mis idxalına rüsum tətbiq etməklə keçmiş ABŞ Prezidenti Cozef Baydenin administrasiyasının yol vermiş olduğu səhvləri düzəldəcəyini bildirib. Tramp sələfini “məsuliyyətsiz davranışda və axmaqlıqda” ittiham edib.