BAKI, 20 may. TELERAF

ABŞ-nin perspektivli “B-21 Raider” bombardmançısı B61-13 üçün əsas daşıyıcı hesab olunur. Amerikanın yeni B61-13 nüvə bombasının ilk nümunəsi artıq yığılıb.

Teleqraf xəbər verir ki, bu barədə “The War Zone” hərbi-texniki portalı məlumat yayıb.

Nəşr ABŞ Energetika Nazirliyindən sitat gətirir: “Pantex” zavodu Amerika nüvə qüvvələrinin çevikliyi və etibarlılığını artırmaq üçün nəzərdə tutulmuş B61-13 nüvə bombasının birinci blokunun istehsalını başa çatdırıb. Amerikanın nüvə ehtiyatı üçün bu mühüm mərhələ vaxtından bir il əvvəl tamamlanıb”.

Hava bombası yeraltı komanda məntəqələri kimi yaxşı möhkəmləndirilmiş hərbi hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

B61-13 bombası B61-12-nin əsasında yaradılıb. Məlumata görə, B61-13 B61-12 ilə eyni inkişaf etmiş təhlükəsizlik, etibarlılıq və dəqiqlik xüsusiyyətlərinə malikdir. Həmçinin B61-13-ün daha yüksək maksimum gücə malik olduğu bildirilir.

B61-12-nin maksimal məhsuldarlığı 50 kiloton olaraq qeyd olunub. B61-13 üçün bu rəqəmin təxminən 340 kiloton olacağı güman edilir.

Yeni sursatın əsas daşıyıcısı Amerikanın perspektivli “B-21 Raider” bombardmançısı olmalıdır. Onun əsas xüsusiyyəti gizli texnologiyanın istifadəsi ilə bağlıdır. Sadə dillə desək, təyyarəni adi vasitələrlə aşkarlayaraq məhv etmək çox çətindir.

Xatırladaq ki, “Northrop Grumman B-21 Raider” ilk uçuşunu 2023-cü ildə həyata keçirib. Ehtimal olunur ki, təyyarə nüvə silahları ilə yanaşı, digər bombalar və qanadlı raketlər kimi adi aviasiya silahlarını da daşıya biləcək.