BAKI, 10 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın aqressiv ticarət tarifləri ona və Amerikaya baha başa gələ bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens deyib.

Onun fikrincə, Trampın bu siyasəti 2026-cı il ara seçkiləri öncəsi seçiciləri Respublikaçılar Partiyasından uzaqlaşdıra bilər.

“İnanıram ki, insanlar Tramp-Pens administrasiyasının siyasətinə qayıtmağımızı istəyirlər. Tariflər böyük və kiçik bizneslərdə çalışan işçilərin ailələri üçün çətinlik yaradacaq”, - siyasətçi qeyd edib.

Pens əmindir ki, tariflərlə bağlı yeni qərarların tətbiqinin 90 gün müddətinə dayandırılması Amerikanın müttəfiqlərini danışıqlar masasına oturmağa sövq edəcək.

Xatırladaq ki, Mayk Pens 2017-ci ildə Trampın ilk prezidentlik dövründə ABŞ-nin vitse-prezidenti olub. 2020-ci ilin noyabrında Trampla birlikdə ikinci müddətə namizədliyini irəli sürsələr də, demokratlar Co Bayden və Kamala Harrisə uduzublar.