Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Dəyanət Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Dəyanət Qarayev satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmək üçün Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub.
Bundan sonra istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2 kiloqram 480 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib. Aparılmış əməliyyat tədbirləri zamanı Dəyanət Qarayev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Dəyanət Qarayev Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 26-na təyin olunub.
Hacı Zeynalov