Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda, mənimsəmədə, verdigdən yayınmaqda və digər cinayətlərdə ittiham olunan Azadlıq radiosunun müxbiri Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlərin sürəti X.İsmayıla təqdim edilib. X.İsmayıl həmin sənədlərlə tanış olması üçün əlavə vaxt istəyib. Hakim bildirib ki, X.İsmayılın cinayət işində olan sənədlərlə tanış olması üçün kifayət qədər vaxtı olub. Təqsirləndirilən şəxs məhkəmə iclasının keçirildiyi günün sonunda protokolları ilə tanış olmasını istəyib. Hakim deyib ki, məhkəmə istintaqının sonunda protokollarla tanış olması üçün təqsirləndirilən şəxsə vaxt veriləcək. Bu zaman X.İsmayılın vəkilləri bildirib ii, zərərçəkmiş Turall Mustafayev prosesdə iştirak etmir. Vəkillər prosesin təxirə salınmasını, zərərçəkmişin prosesdə iştirak etməsini təmin edilməsini istəyiblər. Prokuror Ramazan Hacıyev bildirib ki, zərərçəkmişə məhkəmə iclasının keçirildiyi yer və vaxtı barədə məlumat verilib. Amma o, məhkəmə iclasında iştirak etmir. Bu da onun ittihamdan imtina etməsi ilə bağlı yaydığı açıqlamaları təkzib edir. Hakimlər zərərçəkmişin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul ediblər. Qərar icra olunması üçün müvafiq polis şöbəsinə göndəriləcək.

X.İsmayılın vəkili Cavad Cavadlı keyfiyyətli müdafiə hüququnun yaradılmasıl üçün təqsirləndirilən şəxsin vəkilləri ilə yanaşı əyləşməsi üçün vəsatət verib. Vəsatət təmin edilməyib. X.İsmayılın digər vəkili Fariz Namazlı Azadlıq radionunun Bakı bürosunda aparılan vergidən yayınma ilə bağlı aparılan istintaq sənədlərinin məhkəmədə təqdim edilməsini istəyib. Prokuror bildirib ki, həmin cinayət işinin istintaqı ayrı aparılır və həmin sənədlərin bu məhkəmədə araşdırılması üçün zərurət yoxdur. Prokuror vəsatətin rədd edilməsini istəyib. Hakimlər vəsatəti təmin etməyiblər.

Daha sonra Fariz Namazlı Azadlıq radiosunun mailyyə sənədləri ilə bağlı ittihamlara aydınlıq gətirilməsi üçün Azərbaycan Beynəlxalq Bankından radionun səlahiyyətli nümayəndələrinin imza nümunələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu verilməsini istəyib. Vəsatət təmin edilməyib. Bundan sonra məhkəmə istintaqı başlayıb. Prokuror ittihamnaməni oxuyub. X.İsmayıl elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, vergi ödəmələri ilə bağlı qərar qəbul edən səlahiyyətli şəxs olmayıb. Mən radioda müəlliflər tərəfindən gətirilən yazıların keyfiyyətini yoxlamışam. İşçilərlə əmək müqaviləsini radionun Praqa bürosu bağlayıb. Tural Mustafayevlə ümumiyyətlə ünsiyyətim olmayıb.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, "Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu ilin fevralında Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Hacı Zeynalov