BAKI, 11 sentyabr. TELEQRAF
Bakının Səbail rayonunda hoteldə səs-küy salan qadın həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Neftçilər prospektində yerləşən “Four Seasons” hotelində baş verib.
Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü A. Fətullayeva hoteldə mübahisə yaradıb, orada işləyən Mübariz Qəhrəmanlıya qarşı qeyri-etik ifadələr səsləndirib.
Mübariz Qəhrəmanlı izahatında qeyd edib ki, məlum hadisə günü, səhər saat 04:46 radələrində işlədiyi “Four Seasons” hoteldə 3 xarici vətəndaş, ikisi xanım və biri bələdçi yaxınlaşıb: “Xanımlardan biri spirtli içki təsiri altında hoteldə səs-küy salmağa başladı. Onların hotelə bu vəziyyətdə daxil ola bilməyəcəklərini bildirdim. Bu zaman xanım şəxsiyyətimə qarşı qeyri-etik küçə söyüşləri işlətdi”.
Təqsirli bilinən Fətullayeva isə izahatında özünü təqsirli bilib. O, hoteldə sərxoş halda olduğundan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, etdiyi əməldən peşman olduğunu deyib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Fətullayeva 10 gün müddətinə inzibati qaydada həbs edilib.