BAKI, 25 avqust. TELEQRAF
Sabirabad rayonunda toy məclisində dava salan şəxs həbs edilib.
Teleqraf-ın xəbərinə görə, hadisə “Cavad” şadlıq sarayının qarşısında baş verib. 1992-ci il təvəllüdlü Asim Vəliyev (ad-soyad şərti verilib – red.) orada ucadan səs-küy salıb, polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vəliyev bildirib ki, “Cavad” şadlıq sarayında qohum toy mərasimində iştirak edib: “Bir qədər spirtli içki qəbul etdim. Məclisin gedişində oyun havası üstündə tanımadığım Sabirabad rayon sakini ilə mübahisəm oldu. Səs-küy yarandığı üçün məni şadlıq evinin qarşısına çıxardılar. Orada olarkən polis əməkdaşları yaxınlaşaraq məni şöbəyə dəvət etdi. Sonra məni polis şöbəsinə gətirdilər”.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 8 gün müddətinə həbs edilib.