BAKI, 15 oktyabr. TELEQRAF
ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində bir qrup azyaşlı uşağın 5 yaşlı qızı amansız şəkildə döyməsi ciddi ictimai rezonans doğurub.
Teleqraf xəbər verir ki, hadisə barədə "Daily Mail nəşri" yerli hakimiyyət orqanlarına və zərərçəkmişin anasına istinadla məlumat yayıb.
Məlumata görə, azyaşlı uşaqlar qızı evdən uzaq bir sahəyə apararaq onu döyüblər. Qızın anasının sözlərinə görə, uşaqlar onun başına ciddi xəsarətlər yetirib və boğazına çubuq soxmağa cəhd ediblər.
“Onlar qızımı huşunu itirənə qədər döyüblər,” - deyə ana bildirib.
Klivlend polisi faktı təsdiqləyib, lakin hücumda iştirak edənlərin hamısının 10 yaşdan kiçik olduğunu açıqlayaraq təhqiqatla bağlı əlavə məlumat verməkdən imtina edib.
Hadisə nəticəsində 5 yaşlı qızın həm fiziki, həm də psixoloji travmalar aldığı bildirilir.