
BAKI, 23 may. TELEQRAF
Türkiyəli iş adamı İnan Kıraçın müalicə aldığı xəstəxanadan qaçırılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Teleqraf xəbər verir ki, bu barədə iş adamının İstanbulun Zeytinburnu qəsəbəsində müalicə olunduğu xəstəxanadan bildirilib.
"Hörmətli İnan Kıraç 21.05.2025-ci il tarixdə qəyyumlarının tələbi ilə xəstəxanamıza yerləşdirilib və ümumi müayinəyə aparılıb. 22.05.2025-ci il tarixində bütün müayinə prosedurları başa çatan cənab Kıraç qəyyumlarının icazəsi olmadan xəstəxananı tərk edib. Bu zaman onun yanında köməkçiləri və mühafizəçiləri, olub. Hörmətli Kıraçın xəstəxanadan naməlum şəxslər tərəfindən qaçırılması barədə iddialar əsassızdır", - deyə məlumatda qeyd olunur
00:48
***
İstanbulun Zeytinburnu qəsəbəsindəki xəstəxanalardan birində müalicə olunan iş adamı İnan Kıraç naməlum şəxslər tərəfindən qaçırılıb.
Teleqraf xəbər verir ki, bu barədə "CNNTürk" məlumat yayıb.
Bildirilir ki, yaxınlıqdakı şəxslər müdaxilə etsə də, İ.Kıraçı xilas etmək mümkün olmayıb.
Polis 87 yaşlı iş adamını tapmaq üçün axtarışlara başlayıb.
İ.Kıraç Londonda "College of Business"də təhsil alıb. 1961-ci ildə "Koç Holdinq"in şirkəti olan "Ormak"da işə başlayıb. 1966-cı ildə "Otoyol" ASC-nin baş direktoru olub. Sonrakı illərdə holdinqin avtomobil şirkətlərində baş menecer vəzifəsində çalışıb.
1981-ci ildə Qalatasaray Təhsil Vəqfini yaradıb. Türkiyə Təhsil Könüllüləri Vəqfinin qurucularından biridir. Onun ilk evliliyi Vehbi Koçun qızı Suna Kıraçla olub. Cütlüyün İpek Kıraç adlı bir qızı var. O, 2024-cü ildə "Koç Holdinq"in keçmiş əməkdaşı Əminə Alanqoya ilə ailə həyatı qurub.
İş adamının qızı atasının sağlıq durumunun yerində olmadığını iddia edərək bu evliliyə qarşı çıxmışdı və nikahın pozulması üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə iddianı təmin etmişdi.
Əminə Alanqoya 1970-ci ildə "Koç Holdinq"də maliyyə şöbəsində işə düzəlib və holdinqdə 53 il müxtəlif vəzifələrdə çalışıb.