Şəmkir rayonunda qətl törətməkdə ittiham olunan Mustafa Eyubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 20-ə təyin olunub.

İttihama görə, Şəmkir rayon polis şöbəsinə ötən ilin oktyabrın 22-də saat 14 radələrində Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyubovun tüfəngdən açdığı atəşlə Ruslan Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mustafa Eyubov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində tutularaq istintaqa təhvil verilib.

Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi Ruslan Bayramova məxsus “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.

İstintaq orqanı tərəfindən Mustafa Eyubovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.