Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cəfər Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Cəfər Mirzəyevə qarşı irəli sürülmüş narkotik ittihamının məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib. Onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses yanvarın 13-də davam edəcək.
Qeyd edək ki, Cəfər Mirzəyev 25 noyabr 2021-ci ildə Almaniyadan deportasiya edilib və ötən il yanvarın 27-də həbs olunub.
Daxili İşlər Nazirliyininm Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədəd narkotik tərkibli həb tapılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham elan edilib.