Bakının Xəzər rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən 1978-ci il təvəllüdlü Namiq Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Namiq Rəsulov 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il mayın 28-də Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində Namiq Rəsulov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Fərqanə Rəsulovaya bıçaq xəsarətləri yetirib.

Namiq Rəsulov daha sonra özünə bıçaq xəsarətləri yetirib. Hər iki şəxsin həyatını xilas etmək mümkün olub.

Müayinə zamanı Namiq Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, Fərqanə Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

İstintaq orqanı tərəfindən Namiq Rəsulovun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.