Azərbaycanda qadın və yetkinlik yaşına çatmayan məhkumlar yeni inşa edilən penitensiar müəssisəsinə Ədliyyə Nazirliyi tərəfindən mediatur təşkil olunub.

Teleqraf.com xəbər verir ki, bu günlərdə qadın və yetkinlik yaşına çatmayan məhkumlar yeni cəza çəkmə müəssisəsinə köçürülüb.

Penitensiar müəssisələr Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Bakı İstintaq təcridxanasının yaxınlığında yerləşir.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova vurğulayıb ki, inşa edilən yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib: "Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı var. Peşə məktəbində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar. Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir".

İdarə rəisi qeyd edib ki, yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub: "Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar vardır. Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir".

Ombudsman Səbinə Əliyeva bildirib ki, bu müəssisələrdə dünyada mövcud olan beynəlxalq standartlara riayət olunub: "Burada böyük kitabxana, peşə məktəbi var. Bu da məhkumların gələcəkdə cəmiyyətə uyğunlaşması üçün şərait yaradacaq".

Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov çıxış edərək, ədliyyə və penitensiar xidmətdə olan islahatlardan danışıb.

O bildirib ki, son illərdə bölglərdə müasir standartlara uyğun 4 müəssisə artıq istifadəyə verilib , 3-ün inşasına başlanıb.

Oxu zalına nəzarət edən məhkum deyib ki, məhkum qadınlar mütaliə edirlər, onlar oxu zalına üzv olurlar, kitab, jurnal oxuyurlar: "Gündəlik çap olunan qəzetləri də oxuyurlar. Yaş təbəqəsindən asılıdır, klassik, müasir, detektiv kitablar oxuyurlar. Bir neçə dildə kitablarımız var. 6 min 425 kitab var, onlardan 350-di hüquqa aid kitablardır".

Sonda məhkumlar üçün ədəbi-bədii hissə təşkil edilib.

Qeyd edək ki, bu müəsissələrdə 426 qadın, tərbiyə müəssisəsində isə 21 yetkinlik yaşına çatmayan uşaq məhkum saxlanılır.