“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılması vaxtı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, şikayətə aprelin 12-də baxılacaq.
Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə baxılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İlqar İsmayılovun Nərimanov rayonu, Alı Alıyev küçəsində yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.
İlqar İsmayılov ona elan olunan ittiham üzrə özünü təqsirli bilmir. Onun vəkilləri tərəfindən yazılan apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılması istənilib.
İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.