Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Səbail rayon Yol Polis İdarəsinin əməkdaşı Yasin Abbaslı ifadə verib.

O bildirib ki, hadisə zamanı Bayraq meydanı istiqamətində xidmətdə olub. Hadisə baş verən zaman oraya yollanıb və yol hərəkətinin tənzimləməyə başlayıb.

Şahidin sözlərinə görə, hadisə yerində bir nəfərin yol kənarında dayandığını və ağladığını görüb: “Orada bir neçə nəfər mülki geyimli şəxs də var idi. Mən hadisəni törədən şəxsi orada gördüm. Ona bildirdim ki, kənarda dayansın. Çünki ola bilərdi ki, zərərçəkmişin yaxınları gələrdi və nəsə mübahisə yaranardı”.

Yasin Abbaslı qeyd edib ki, qəzanı törədən şəxsin üzərində sürücülük vəsiqəsi olmayıb. O, qəza törədən şəxsin hadisə yerindən qaçmasını görməyib.

Onun sözlərinə görə, qəza törədən şəxsin naməlum şəraitdə hadisə yerindən qaçması ilə bağlı xidməti yoxlama aparılıb: “Yoxlama zamanı mənə və digər polis əməkdaşlarına töhmət verilib”.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verib. O, əlavə şahid qismində hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşlarının dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə həmçinin işi araşdıran müstəntiqin dindirilməsi barədə də qərar qəbul edib.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.