2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş təqsirləndirilən Əbülfəz Bünyatov məhkəməyə Təcili Tibbi Yardımla gətirilib.

Səhhətində problem olan Əbülfəz Bünyatov məhkəmə zalına həkimlərin nəzarəti ilə daxil edilib.

Hazırda proses davam edir.

Qeyd edək ki, Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

***

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Əbülfəz Bünyatov bildirib ki, himayəsində 4 azyaşlı uşaq var. O, Odlar Yurdu Universitetinin Hüquq fakultəsini bitirdiyini, əvvəllər məhkumluq həyatı yaşadığını söyləyib.

Anket məlumatları dəqiqləşdirilən Elxan İsgəndərov qeyd edib ki, himayəsində 3 azyaşlı uşaq var.

Elxan İsgəndərovun vəkili Fariz Namazlı vəsatətlə çıxış edib. O, müvəkkilinin cinayət işinə xitam verilməsini, seçilmiş həbs qətimkan tədbiririnin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Əbülfəz Bünyatovun vəkili də vəsatətlə çıxış edib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi probellər var və onun məhkəməyə gəlməsində çətinliklər yaranıb. Vəkil cinayət işinin ayrıca icraata ayrılmasını tələb edib.

Fariz Namazlı da növbəti vəsatətində cinayət işinin ayrıca icraata ayrılmasını istəyib. Vəsatətlər təmin edilməyib.

Növbəti proses fevralın 13-də davam edəcək.