BAKI, 11 avqust. TELEQRAF

Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin mətnində bildirilib.

Həmçinin qeyd olunub ki, bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.