BAKI, 23 aprel. TELEQRAF

Bakıda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının 4-cü iclası keçirilib.

Teleqraf xəbər verir ki, iclasda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, video bağlantı vasitəsi ilə Azərbaycanın Qazaxıstandaki səfirliyinin müşaviri Rövşən Kazımov, digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılışında çıxış edən Fərid Şəfiyev bildirib ki, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər qədim tarixi köklərə əsaslanır və bu gün də bu əlaqələr yüksək səviyyədə davam etdirilir. Son illərdə hər iki ölkənin ekspertlərinin iştirakı ilə birgə hesabatlar və məqalələr hazırlanır. Bu məqalələr yalnız informasiya xarakteri daşımır, eyni zamanda iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə ciddi töhfə verir.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel isə çıxışı zamanı deyib ki, hazırda Azərbaycan-Qazaxıstan münasibətləri yüksəksəviyyədədir:

"Bunun bariz nümunəsi kimi dövlət başçılarının qarşılıqlı səfərlərini qeyd edə bilərik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin isə Qazaxıstana səfərləri dövlətlərarası əlaqələrin nə qədər dərin və səmimi olduğunu göstərir".

Səfir vurğulayıb ki, iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq inkişaf edir:

"Xəzər dənizi üzərindən keçən ticarət yollarının genişləndirilməsi, tranzit imkanlarının artırılması kimi layihələr həm ikitərəfli ticarətə, həm də ümumilikdə regionun inkişafına xidmət edir".

Onun sözlərinə görə, iki ölkə arasında təhsil sahəsində son dövrlərdə ciddi addımlar atılır. Bakıda keçirilən universitet sərgisi bu istiqamətdə mühüm tədbirlərdən biri oldu: "Biz istəyirik ki, qazax tələbələr Azərbaycanda, azərbaycanlı tələbələr isə Qazaxıstanda təhsil alsınlar. Bu cür mübadilələr gənc nəsillər arasında körpülər quracaq, xalqlarımızın yaxınlaşmasına xidmət edəcək".

Səfir həmçinin təyyarə qəzasında toxunub: “Təəssüf ki, ötən il hər iki xalq üçün ağrılı bir hadisə aviasiya qəzası baş verdi. Həmin hadisədən sonra Prezident İlham Əliyevin söylədiyi sözlər çox təsirli idi: “Biz iki qardaş xalq bu çətinliyi birlikdə dəf edəcəyik”. Bu sözlər əməli addımlarla müşayiət olundu və hər iki dövlət bir-birinə dəstək göstərdi. Sonda demək istərdim ki, Azərbaycan-Qazaxıstan münasibətləri təkcə diplomatik əlaqələr deyil – bu münasibətlər səmimi dostluq, qarşılıqlı hörmət və ortaq gələcəyə inam üzərində qurulub. Siyasi, iqtisadi və mədəni sahələrdə atılan addımlar gələcək nəsillər üçün daha da güclü tərəfdaşlığın əsasını qoyur.

Alim Bayel əlavə edib ki, Azərbaycan bu il mərkəzi Astanada yerləşən İslam Ərzaq Təhlükəsizliyi Təşkilatına üzv olmağa hazırlaşır, öz növbəsində, Qazaxıstan da Bakıda yerləşən İƏT-in Əmək Mərkəzinə qoşulmağa hazırdır.

Açılış nitqinin davamı olaraq Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün yüksək səviyyədədir: “Xalqlarımız və dövlətlərimiz arasında müxtəlif sahələrdə heç bir fikir ayrılığı yoxdur. Əksinə, bu münasibətlər bütün istiqamətlər üzrə – istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də humanitar sahələrdə daim möhkəmlənməkdədir. Xüsusilə nəqliyyat və tranzit sahəsində əməkdaşlıq önəmli yer tutur. Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu regionda mühüm nəqliyyat qovşağına çevirir və bu, iki ölkə arasında logistik əməkdaşlığın genişlənməsinə böyük imkanlar yaradır. Azərbaycan bu sahədə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır və müvafiq layihələr uğurla həyata keçirilir.

Eyni zamanda qeyd edilməlidir ki, Qazaxıstan tərəfi də Azərbaycandan investisiyaların cəlb olunmasına böyük maraq göstərir. Bu da onu göstərir ki, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq təkcə enerji və nəqliyyatla məhdudlaşmır, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşu və biznes layihələrinin inkişaf etdirilməsi istiqamətində də perspektivlər çoxdur.

Bu münasibətlərin bu cür yüksələn xətt üzrə inkişaf etməsi həm Azərbaycan, həm də Qazaxıstan üçün strateji əhəmiyyət daşıyır və gələcək nəsillərə möhkəm təməl qoyur”.