TBİLİSİ, 17 aprel. TELEQRAF
Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçılarının müavinlərinin Tbilisidə keçirilən görüşü başa çatıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
***
12:26
Tbilisi görüşü Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli əməkdaşlığın gələcək inkişafına töhfə verəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) üç ölkənin XİN başçılarının müavinlərinin görüşü barədə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, görüşün təşəbbüskarları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdur.
“Görüşün məqsədi son nəticədə regionun tərəqqisi, sabitliyi və inkişafına istiqamətlənəcək üçtərəfli əməkdaşlığın daha da praktiki inkişafına töhfə verməkdir. Bugünkü üçtərəfli görüş hər hansı digər mövcud əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün əlavə səylərini ifadə edir”, - məlumatda deyilir.



***
11.29
BAKI, 17 aprel. TELEQRAF
Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçılarının müavinlərinin görüşü başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İmedi telekanalı məlumat yayıb.
Görüşdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Azarbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak edir.
Tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədi üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşməkdir.
Gürcüstanın XİN başçısının müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında deyib ki, görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. O, üç ölkə üçün maraqlı ola biləcək istiqamətlərin müəyyənləşdiriləcəyini vurğulayıb.
***
09:35
Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.