BAKI, 31 avqust. TELEQRAF

İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə sazişi imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə əsasən, İsrail Afina üçün qabaqcıl, çoxsəviyyəli hava hücumundan və raketdən müdafiə sistemi yaradacaq.

Sənədi İsrail Müdafiə Nazirliyinin baş direktoru general-mayor Amir Baram və onun yunanıstanlı həmkarı İoannis Buras imzalayıblar.

“Bu sazişə əsasən, İsrail Yunanıstanda tamamilə İsrail istehsalı sistemlərdən ibarət və İsrailin müdafiə strukturlarının müharibə zamanı topladığı geniş döyüş təcrübəsinə əsaslanan kompleks, çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaradacaq”, - nazirlik bildirib.

Proqram Yunanıstanda “Axilles Qalxanı” adlandırılır.

Müqaviləyə əsasən, İsrail Yunanıstana “David’s Sling”, “Barak MX” mobil hava və raketdən müdafiə sistemləri, “Spyder” qısamənzilli zenit-raket kompleksi, MMR mobil radar stansiyaları və hava və raketdən müdafiənin bütün vasitələrini birləşdirəcək yeni idarəetmə sistemi təqdim edəcək.

İsrail Müdafiə Nazirliyi vurğulayıb ki, bu, İsrail-Yunanıstan hərbi əməkdaşlığı tarixində ən böyük sazişdir və ümumilikdə ölkənin hərbi sənayesi üçün də ən iri müqavilələrdən biridir.

Həmçinin İsrail ilk dəfə xaricə ballistik raketlərdən PUA-lara qədər geniş spektrli hava təhdidlərindən müdafiəni təmin edən tam kompleks sistemlər toplusu təqdim edəcək.

Bundan əlavə, tərəflər 26 milyon avro dəyərində ayrıca müqavilə də imzalayıblar. Müqavilə Yunanıstana strateji obyektlərin PUA-lardan qorunması üçün nəzərdə tutulan İsrail istehsalı “Drone Dome” sistemlərinin satışını nəzərdə tutur.