Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" mövzusunda panel sessiya keçirilib.

Teleqraf xəbər verir ki, sessiya Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini, əməkdar jurnalist Vüqar Zifəroğlunun moderatorluğu ilə baş tutub.

Çıxış edən Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib ki, Azərbaycanda dini jurnalistika sahəsində ixtisaslaşmış peşəkar təşkilat yoxdur:

“Azərbaycanda jurnalist təşkilatları fəaliyyət göstərir. Ancaq dini jurnalistika üzrə ixtisaslaşmış assosiasiya və ya qeyri-hökumət təşkilatı yoxdur. Halbuki ölkəmizin coğrafi mövqeyi, dini müxtəlifliyi və bu sahənin həssaslığı belə bir qurumun fəaliyyətini zəruri edir. Belə bir təşkilat həm jurnalistlərin peşəkar inkişafına, həm də cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfə verə bilər”.

A.Mahmud xatırladıb ki, vaxtilə Ermənistanın işğalı dövründə Azərbaycan məscidlərində törədilən vandalizm aktlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində media daha fəal rol oynaya bilərdi:

“Media dördüncü hakimiyyətdir. Bu cür məsələlərin beynəlxalq səviyyədə gündəmə gətirilməsində yalnız dövlət qurumları deyil, peşəkar media institutları da fəal iştirak etməlidir”.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Amin” verilişinin aparıcısı, filosof Müşfiq Ötkün isə söyləyib ki, dini dəyərlərin cəmiyyətə daha geniş çatdırılması üçün təkcə məlumatlılıq kifayət etmir:

“Dinin mahiyyətini təşkil edən əxlaq və mənəviyyat insanlara mənası ilə birlikdə çatdırılmalıdır.

Bu gün savadlı ilahiyyatçılar çox olsa da, savad daha çox məlumatlılıq və yaddaş kimi qəbul edilir. Halbuki din ilk növbədə əxlaq və mənəviyyatdır. Onun fikrincə, əsas çatışmazlıq məhz “məna yaradıcılığı”nın olmamasıdır”.

Filosofun sözlərinə görə, dini müzakirələrdə əsas mahiyyətdən çox ikinci dərəcəli məsələlər ön plana çıxarılır:

“Bu gün daha çox hansı ayaqla haraya daxil olmaq, hansı əlin necə istifadə olunması kimi mövzular müzakirə edilir. Halbuki dinin məna yaradan tərəfi itib”.

Diksiya Akademiyasının direktoru, natiqlik üzrə təlimçi Cəlalə Nəzəroğlu deyib ki, Azərbaycanda dini adət-ənənələrin qorunmasında müxtəliflik mövcuddur:

“Din rituallar bir çox hallarda ailələrin, şəxslərin məsələyə kontekst yanaşması fonunda şərh edilir.

Dini mövzularda jurnalistikanın ortaya qoyduğu materiallar isə bizə məsələ tamam fərqli yanaşmağı təlqin edir.
İnsanların dünya görüşü ilə bağlı isə keçmişdən gələn tabular var. Sözsüz ki, dini, fəlsəfi mövzularda hər birimiz daha diqqətli olmalıyıq”.

Cəlalə Nəzəroğlu hesab edir ki, dinlə bağlı cəmiyyətdə fərqli fikirlər, daha çox insanların dünya görüşü ilə izah edilir:

“Din mövcud olduğu dövrdə fərqli fikirlər daha çox olub. O dövrdə də missionerlər təbliğatla insanları öz arxasınca apara bilib”.