QUSAR, 16 iyul. TELEQRAF
"Zaman dəyişdikcə media da dəyişir. Bu gün mətbuat yalnız xəbəri çatdıran vasitə deyil. O, cəmiyyətin maariflənməsinə, ictimai rəyin formalaşmasına, dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsünün qurulmasına mühüm töhfə verir".
Teleqraf xəbər verir ki, bunu Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfransda deyib.
O qeyd edib ki, bu günlərdə Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünü qeyd etməyə hazırlaşırıq:
“1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini təsis etməklə milli mətbuatımızın əsasını qoydu. Həmin gündən bu günə qədər dünya da, informasiya mühiti də, jurnalistika da böyük inkişaf yolu keçib.
Qusar sakinləri Həsən bəy Zərdabiyə hər zaman böyük hörmət və rəğbətlə yanaşıblar. O da müxtəlif dövrlərdə Qusarda olub, rayonumuzun insanlarının qonaqpərvərliyini yüksək qiymətləndirib. Bu da bizim üçün qürur mənbəyidir”.
İcra başçısı bildirib ki, indi hər hansı sahədə görülən işlərin həyata keçirilməsi qədər, onların düzgün, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılması da vacibdir: “Bu isə jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur.
Sovet dövründə mətbuat müəyyən ideoloji çərçivələr daxilində fəaliyyət göstərirdi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə söz və mətbuat azadlığının inkişafı istiqamətində mühüm addımlar atıldı. Bunun nəticəsində milli mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoydu, jurnalistikanın peşəkarlığının artırılması, operativ və obyektiv informasiya təminatı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi”.