BAKI, 2 iyul. TELEQRAF
İyulun 12-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı ilə yanaşı, III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.
"Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)", - məlumatda qeyd olunub.